Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi ABŞ təmsilçisi “İnter Mayami”də növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, təcrübəli futbolçu martın 8-də CONCACAF Çempionlar Kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutan “Neşvill” ilə oyununun iştirakçısı olub.
Komandaların ilk oyunu Neşvildəki (ABŞ) “Geodis Park” stadionunda keçirilib. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb. Meydan sahibləri matçın gedişində 2:0 hesablı üstünlük yaxalayıblar. 4-cü və 46-cı dəqiqələrdə Ceykob Şaffelburq dubla imza atıb. Bundan sonra “İnter Mayami” var qüvvəsi ilə irəli atılıb. “Leo” Messi 52-ci dəqiqdə Luis Suaresin ötürməsi ilə fərqi azaldıb – 2:1. Son dəqiqələrə qədər meydan sahiblərini təzyiq altında saxlayan “vağlar” təzminat vaxtında bərabərliyi yaxalayıblar. 90+5-ci dəqiqədə Serxio Busketsin ötürməsini Luis Suares tamamlayıb – 2:2.
Komandalar arasında cavab oyunu marıtn 14-də keçiriləcək.
Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Messinin bu klubla müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var. Argentinalı futbolçu “İnter Mayami”də bütün yarışlarda 18 oyuna çıxıb, 15 qol vurub, 6 məhsuldar ötürmə verib.
Leo hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 assist edib. Bu göstəricilər üzrə Leo yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
Ötən il oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.
“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.