Argentina millisinin ulduz hücumçusu, kapitan Lionel Messi “albiseleste”nin Veneseuela yığması ilə gözlənilməz səfər heç-heçəsini şərh edib.
Arena.az məlumat verir ki, 2026-cı il dünya çempionatının CONMEBOL bölgəsi seçmə mərhələsinin 9-cu turu çərçivəsində Argentina yığması Venesuelanın müqavimətini qıra bilməyib – 1:1.
Vurğulayaq ki, oyunun özü meydanda çoxlu su yığıldığı üçün yarım saat gecikib.
Lionel Messi matçdan sonra jurnalistlərə açıqlamasında bu matçla bağlı bunları söyləyib:
“Bu, iyrənc oyun idi. Ardıcıl iki ötürmə belə edə bilmədik, meydan suyun içində olduğundan top dayanırdı. Belə şəraitdə oynamaq çətindir, meydan kömək etmədi”, – “Reuters” agentliyi “Leo”nun narazılığını sitat gətirir.
9 turdan sonra Argentina yığması DÇ-2026-nın CONMEBOL bölgəsi seçmə mərhələsinin yarış cədvəlində 19 xalla zirvədə qərarlaşıb. Venesuala yığması isə 11 xalla 7-ci pillədədir.
Xatırladaq ki, bu bölgədə dünya çempionatına 6 birbaşa vəsiqə uğrunda mübarizə 10 komanda arasında gedir. 7-ci vəsiqənin sahibi isə dünya çempionatına vəsiqə uğrunda digər konfederasiyaların birindən olan yığma komanda ilə qitələrarası ələmə oyunlarında mübarizə aparacaq.