Lionel Messi yeni mövsümdə ilk qolunu vurdu – Video

Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi ABŞ təmsilçisi “İnter Mayami”də növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, MLS-in müntəzəm çempionatının 2024-cü il mövsümünün 2-ci turu çərçivəsində bu gün “İnter Mayami” səfərdə “Los Anceles Qalaksi” ilə üz-üzə gəlib.

Mayami təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. Oyunda hesabı 75-ci dəqiqədə meydan sahibləri açıblar. Qonaqlar məğlubiyyətdən 90+2-ci dəqiqədə xilas ola biliblər.

Messi bu görüşdə 90 dəqiqə meydanda olub. “İnter Mayami”ni məğlubiyyətdən xilas edən qola da məhz argentinalı ulduz imza atıb. O, Jordi Albanın ötürməsini məntiqi sonluqla yekunlaşdırıb.

Messinin “Barselona”da da komanda yoldaşı olmuşu Alba kimi, Serxio Buskets də bu görüşdə 90 dəqiqə oynayıb. Onların İspaniya nəhəngindəki digər komanda yoldaşı – Luis Suares isə start heyətdə meydana çıxsa da, 67-ci dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra “İnter Mayami” 4 xalla öz yarımqrupunda 1-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Messinin bu klubla müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var. Argentinalı futbolçu “İnter Mayami”də bütün yarışlarda 16 oyuna çıxıb, 12 qol vurub, 6 məhsuldar ötürmə verib.

Leo hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 assist edib. Bu göstəricilər üzrə Leo yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Ötən il oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.