Lionel Messi yığmanın yoldaşlıq oyunlarında iştirak etməyəcək

Ulduz hücumçu Lionel Messi Argentina yığmasının mart ayında beynəlxalq fasilə zamanı keçirəcəyi yoldaşlıq oyunlarında iştirak etməyəcək.

Arena.az bu barədə “TyC Sports” dərgisinin müxbiri Qaston Edula istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Messi hazırda “İnter Mayami”də oynayarkən aldığı əzələ zədəsini sağaldır və məhz bu səbəbdən “albiseleste”nin oyunlarını buraxmalı olacaq.

Xatırladaq ki, Argentina yığması martın 22-də Salvador, martın 26-da isə Kosta-Rika yığmaları ilə qarşılaşacaq. Hər iki oyun ABŞ-da baş tutacaq.

Messi “İnter Mayami”nin MLS müntəzəm çempionatını çərçivəsində “DC Yunayted”lə oyununda da (3:1) iştirak etməyib. Bir müddət əvvəl “İnter Mayami”nin baş məşqçisi, argentinalı mütəxəssis Xerardo Martino Messinin sağ ayağında əzələ gərginliyi hiss etdiyini və bunun daha ciddi zədəyə çevrilməsini önləmək üçün ulduz futbolçunun istirahətə ehtiyacı olduğunu bildirmişdi.

Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Messinin amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Ötən il oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.