Lionel Messinin “İnter Mayami”dəki maaşı açıqlandı

Argentinalı ulduz hücumçu Lionel Messinin ABŞ MLS təmsilçisi “İnter Mayami” klubunda aldığı maaşı məlum olub.

Arena.az “O Tempo” dərgisinə istinadən məlumat verir ki, argentinalı ulduz futbolçu ayda 1,6 milyon avro məbləğində qazanır.

Beləliklə, Messinin illik maaşı 19,2 milyon avro məbləğ təşkil edir. “Leo”nun MLS-də ən çox maaş alan futbolçu olduğu da bildirilir.

Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Hücumçunun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 7 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 20 oyun, 17 qol və 7 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Messi daha öncə PSJ-də və “Barselona”da da forma geyinib.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.