Lionel Messinin interaktiv muzeyi açılacaq – Mayamidə

2024-cü il aprelin 25-də də Mayamidə “İnter Mayami”nin argentinalı superulduzu, hücumçu Lionel Messinin muzeyi açılacaq.

Arena.az “Mundo Deportivo”ya istinadən məlumat verir ki, muzey 36 yaşlı futbolçunun həyatına həsr edilmiş ilk multimedia və interaktiv məkandır.

“The Messi Experience Park” layihəsi müxtəlif interaktiv məkanlar və tədbirləri özündə əks etdirəcək. Burada argentinalı azarkeşlər Messinin Rosariodakı uşaqlığından bu günə qədər futbolçunun karyerasının inkişafını görmək imkanı əldə edəcəklər.

Messinin pərəstişkarları onun məşq proqramını real vaxt rejimində öz nəticələrinin nümayişi ilə təkrarlamağa cəhd edə, həmçinin süni intellektin imkanları sayəsində onunla virtual selfi çəkdirə və hətta söhbət edə biləcəklər.

Lionel Messi özü də bu muzeyin açılışını şərh edib. Argentina yığmasının lideri azarkeşlərə onun həyatını meydanda və ondan kənarda yaşamağa imkan verən bu layihənin bir hissəsi olmaqdan şad olduğunu dilə gətirib.

Lionel Messi cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu Messi ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Messi “İnter Mayami”nin heyətində 13 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunu qazanıb.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasının heyətində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmanın heyətində 178 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Messi yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığmanın heyətində Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.