Futbol üzrə Fransa çempionatında (Liqa 1) 2022/2023 mövsümünün ən yaxşı oyunçusu adına namizədlərin siyahısı açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu ada cəmi beş futbolçu namizəddir. Onlardan ikisi lider PSJ-nin, ikisi “Lans”ın, biri isə “Lill”in üzvüdür.
Namizədlərin siyahısı belədir:
Lionel Messi (PSJ)
Kilian Mbappe (PSJ)
Loi Openda (“Lans)
Seko Fofana (“Lans”)
Conatan Devid (“Lill”)
Qalibin mükafatlandırılması mərasimi mayın 28-də baş tutacaq.
Xatırladaq ki, Lionel Messi bu mövsüm Fransa çempionatında 29 oyuna çıxıb. Argentina millisinin də üzvü olan 35 yaşlı hücumçu bu görüşlərdə 15 qol və 15 məhsuldar ötürmə müəllifi olub.
Kilian Mbappe çempionatda 31 oyun keçirib. 24 yaşlı fransız futbolçu bu görüşlərdə 26 qol vurub, 5 məhsuldar ötürmə edib.
Loi Openda mövsüm ərzində 35 oyuna çıxıb. 23 yaşlı belçikalı forvard 19 qol vurmaqla yanaşı, 3 asistə də imza atıb.
Seko Fofana çempionatda 33 oyun keçirib. Fili Dişi Sahili yığmasının da üzvü olan 28 yaşlı yarımmüdafiəçi bu görüşlərdə 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Conatan Devid isə Fransa çempionatında bu mövsüm keçirdiyi 34 oyunda 21 qol vurub. Kanada yığmasının 23 yaşlı hücumçusu 4 qola da məhsuldar ötürmə ilə fayda verib.
Xatırladaq ki, Liqa 1-də 2022/2023 mövsümünün başa çatmasına cəmi 3 tur qalıb. Hazırda 81 xalla zirvədə qərarlaşmış PSJ-yə çempionluğu rəsmiləşdirmək üçün cəmi bir qələbə lazımdır. İkinci pillədəki “Lans”ın 75 xalı varsa, Marsel “Olimpik”i 73 xalla üçüncüdür. “Lill” isə 60 xalla beşinci pillədə qərarlaşıb.