Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2022/2023 mövsümünün 37-ci turunun oyunları keçirilib. Arena.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub və eyni saatda start götürüb.
“Anje” “Trua”nı, “Renn” “Monako”nu, “Klermon” “Loryan”ı, “Lans” “Ayaçço”nu, “Lill” “Nant”ı, Lion “Olimpik”i isə “Reyms”i məğlub yola salıb.
Marsel “Olimpik”i bu turda “Brest”lə ev oyunundan xalsız ayrılıb. “Monpelye” də doğma meydanda “Nitsa”ya uduzub.
“Tuluza” – “Oser” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Strasburq”un qonağı olan PSJ də 1:1 hesablı heç-heçə ilə kifayətlənib. Amma bu, Paris təmsilçisinin mövsümün sonuna bir tur qalmış növbəti çempionluğunu rəsmiləşdirməsi üçün yetərli olub. Bu, sözügedən komandanın bütövlükdə 11-ci Liqa 1 çempionluğudur.
37 turdan sonra PSJ 85 xalla vahid liderdir. “Lans” 81 xalla ikinci, Marsel “Olimpik”i 73 xalla üçüncü sırada qərarlaşıb. “Lill” 66, “Ren” və “Monako” 65, Lion “Olimpik”i 62, “Klermon” 56, “Nitsa” 55, “Loryan” 52, “Reyms” 51 xal toplayıb.
Fransa, Liqa 1
37-ci tur
27 may
Anje – Trua 2:1
Qol: Abdelli, 38. Rao-Lisoa, 90 – Şavalerin, 13.
Klermon – Loryan 2:0
Qol: Xaui, 44. Kofrie, 74.
Lans – Ayaçço 3:0
Qol: Maşado, 16. Tomasson, 22. Openda, 35-pen.
Lill – Nant 2:1
Qol: David, 51-pen; 88-pen – Merlin, 18.
Olimpik (Lion) – Reyms 3:0
Qol: Aqbadu, 2-öz qapısına. Lakazette, 9. Kakre, 82.
Olimpik (Marsel) – Brest 1:2
Qol: Mbemba, 75 – Maqnetti, 57. Kamara, 81.
Monpelye – Nitsa 2:3
Qol: Savanye, 7; 17 – Barkli, 53. Laborde, 67; 79.
Renn – Monako 2:0
Qol: Mayer, 52. Quiri, 73.
Strasburq – PSJ 1:1
Qol: Qameyro, 79 – Messi, 59.
Tuluza – Oser 1:1
Qol: Abuxlal, 44 – Raveloson, 24.