Liqa 1 yeni mövsümdən “McDonalds League 1” adlanacaq

Fransa milli birinciliyi – Liqa 1 gələn yeni mövsümdən – 2024/2025 mövsümündən etibarən rəsmi adını dəyişəcək.

Arena.az “La Gazette Du Fennec” dərgisinə istinadən məlumat verir ki, yarış “Uber League 1” əvəzinə “McDonalds League 1” adlanacaq.

Mənbənin məlumatına görə, “McDonalds” şirkəti Fransa çempionatının ad hüququna görə ildə 20 milyon avro məbləğ ödəyəcək. Əvvəlki tərəfdaş “Uber” şirkəti isə ildə 15 milyon avro məbləğində ödəniş edirdi. Amma Lionel Messi və Neymarın simasında əsas ulduzların Liqa 1-dən getməsindən, həmçinin Kilian Mbappenin getmə ehtimalının yüksək olmasından sonra “Uber” yeni mövsüm üçün təklifini azaldıb. Vurğulanır “Uber” mümkün zərərə düşməkdən sığortalanmağı üstün tutub. Belə olan halda, Fransa çempionatı yeni tərəfdaşlar axtarmağa başlayıb və böyük fastfud şəbəkəsi məşhur “McDonalds” ilə razılığa gəlib.

Bildirilir ki, tərəflər bütün hüquqi məsələləri hələ həll etmədiyindən sövdələşmə rəsmən elan edilməyib. Hazırda danışıqlar davam edir.