Lisandro Martines “Mançester Yunayted”də!

Niderlandın “Ayaks” klubunun və Argentina millisinin müdafiəçisi Lisandro Martines karyerasını İngiltərədə davam etdirəcək. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu “Mançester Yunayted”lə razılığa gəlib.

Bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb. Futbolçunun tibbi müayinədən keçəndən sonra rəsmi müqaviləyə qol çəkəcəyi diqqətə çatdırılıb.

Britaniya mətbuatı tərəflərin 5 illik müqavilə ilə bağlı bütün detallarda razılığa gəldiyini yazır. Məlumatda bu transferin “qırmızı şeytanlar”a 67.37 milyon avroya başa gələcəyi açıqlanıb. Belə ki, MY “Ayaks”a 57.37 milyon avro təzminat ödəyəcək. Lakin gələcəkdə əlavə bonuslar sayəsində Niderland klubunun daha 10 milyon avro qazanmaq şansı olacaq.

Lisandro Martines 2019-cu ilin yayından “Ayaks”da forma geyinirdi. O, Amsterdam təmsilçisində MY-nin niderlandlı çalışdırıcısı Erik ten Haqın rəhbərliyi altında top qovub. Bu komandanın heyətində bütövlükdə 120 matça çıxmış futbolçu, 6 qol da vurub. Müdafiəçi daha öncə ölkəsində “Nyuells Old Boyz” və “Defensa Xustisiya” komandalarında da forma geyinib.

2019-cu ildən Argentina yığmasına da dəvət alan futbolçu, millidə 7 matça çıxıb.