Futbol üzrə Argentina millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun mərkəz müdafiəçisi Lisandro Martines zədələnib.
Arena.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın rəsmi saytı məlumat yayıb.
25 yaşlı müdafiəçi apreldəki zədəsinin təkrarlanması səbəbindən uzun müddət meydana çıxa bilməyəcək. Argentinalı oyunçu sentyabrın 3-də “Arsenal”a qarşı Premyer Liqa matçında özünü yaxşı hiss etməyib. O, buna baxmayaraq, növbəti turda “Brayton”, UEFA Çempionlar Liqasında isə Almaniya nəhəngi “Bayern”lə görüşlərdə meydana çıxıb. Bu isə onun zədəsini daha da ağırlaşdırıb.
Xatırladaq ki, Lisandro Martines ötən il Niderland təmsilçisi “Ayaks”dan 57,37 milyon avro müqabilində “Mançester Yunayted”ə keçib. O, Mançester klubunun heyətində 51 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Martines 2022-ci ildə Argentina yığması ilə Qətərdəki dünya çempionatının qalibi olub. O, daha öncə “Ayaks”dan başqa “Defensa və Xustisiya”, həmçinin “Nyuells Old Boyz” klublarının da formasını geyinib.