“Liverpul” 25 il öncəki antirekordunu təkrarladı

Premyer Liqanın 33-cü turunda evdə “Kristal Pelas”la oyunda 0:1 hesablı məğlubiyyət “Liverpul” üçün antirekordla əlamətdar olub.

Arena.az “Opta” statistik internet-portalına istinadən məlumat verir ki, sözügedən komanda ardıcıl olaraq 9-cu ev oyununda qol buraxıb.

Bununla da “qırmızılar” 25 il əvvəlki klub antirekordunu təkrarlayıblar.

“Liverpul” 1996-cı və 1999-cu illərdə də eynilə uğursuz ev silsiləsini yaşayıb.

Üstəlik bu məğlubiyyət nəticəsində komanda bəlkə də İngiltərə Premyer Liqasında çempionluq imkanlarının üstündən xətt çəkmiş olub. Belə ki, çempionluq mübarizəsində hazırda “Liverpul”un taleyi öz əlində deyil. “Qırmızılar” 32 oyundan 71 xalla yarış cədvəlinin 3-cü pilləsində yer alıblar. Premyer Liqanın liderliyini isə “Mançester Siti” ələ keçirib.