“Liverpul” Aleksislə razılığa gəldi – Bu həftə elan edilə bilər

Dünya çemoionu, Argentina yığmasının və “Brayton”un yarımmüdafiəçisi Aleksis Makallister bu həftə “Liverpul”a keçə bilər.

Arena.az bu barədə “Sky Sports”a istinadən xəbər verir.

Futbolçunun müqaviləsində transfer ediləcəyi halda kompensasiya məbləğinin 52,2 milyon avro ilə 63,8 milyon avro arasında dəyişə biləcəyi haqda maddə var.

Mənbədən verilmiş məlumata görə, sövdələşmənin məbləği dəqiqləşdirildikdən dərhal sonra, Makallisterin “qırmızılar”la şəxsi müqaviləsinin şərtləri qısa müddətdə təsdiqlənəcək.

Yarımmüdafiəçinin “Brayton”la cari müqaviləsi daha bir il uzadılması şərti ilə 2025-ci ilin yayına qədərdir. 24 yaşlı Makallister geridə qalmış mövsüm ərzində “qağayılar”ın heyətində 40 oyun keçirib, 12 qol vurub və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Daha əvvəl, “Liverpul”u eyni zamanda bir neçə yarımmüdafiəçi – Nabi Keyta, Ceyms Milner və Aleks Oksleyd-Çemberlen tərk edib. Onlarla yanaşı, braziliyalı hücumçu Roberto Firmino da İngiltərə klubundan ayrılıb.