“Liverpul” Artur Melo ilə yollarını ayırdı

İngiltərənin “Liverpul” klubu ötən il icarə əsasında heyətinə qatdığı braziliyalı yarımmüdafiəçi Artur Melo ilə vidalaşmağa qərar verib. Arena.az xəbər verir ki, mövsüm bitən kimi Mersisayd təmsilçisindən ayrılacaq Artur məxsus olduğu “Yuventus”un düşərgəsinə qayıdacaq.

Bu arada “qırmızılar”ın baş məşqçisi Yurgen Klopp və komandanın kapitanı Cordan Henderson yarımmüdafiəçi haqda fikirlərini ictimaiyyətlə paylaşıblar.

Yurgen Klopp mətbuat konfransında bunları söyləyib: “Mən Artur Meloya uğurlar arzulamaq istəyirəm. Onun icarə müddəti başa çatmaq üzrədir. Müəyyən səbəblərdən Artur istədiyi qədər oynaya bilmədi. Amma onun peşəkarlığı və bacarıqları onunla işləyən hər kəs üçün aşkar idi”.

Kapitan Henderson öz növbəsində bunları deyib: “Bütün oyunçular adından mən Artura qarşıdakı karyerasında üzləşəcəyi hər şeydə uğurlar diləyirəm. Mən uğur haqda vurğulayıram, çünki bu, ona gərək olan yeganə amildir. Artur – görkəmli futbolçudur və bu, onun bizimlə olduğu qısa müddətdə aydın oldu. Ümid edirəm ki, zədədən sonra bərpa müddətində özünə verdiyi rəvac, ona yaxın illərdə yaxşı xidmət edəcək”.

Xatırladaq ki, ötən il “Yuventus”dan “Liverpul”a icarə əsasında keçmiş Artur Melo Yurgen Kloppun ümidlərini doğrulda bilməyib. “Qırmızılar”ın heyətində yalnız bircə oyun keçirmiş Artur heç Premyer Liqada da forma geyinməyə macal tapmayıb. Beləliklə, mütəxəssislərin rəyincə, Artur Melonun İngiltərə sərgüzşətlərini fiasko kimi qiymətləndirmək olar.

“Yuventus” Arturu 2020-ci ilin sentyabrında “Barselona”dan 76 milyon avroya transfer etmişdi. Braziliya yığmasının üzvü İtaliya təmsilçisində 63 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Qremio”nun yetirməsi olan, 3 il məhz bu klubun əsas komandasında oynadıqdan sonra 2018-ci ildə “Barselona”ya üz tutan Melo, Braziliya millisində də 22 oyuna 1 qol vurub. “Liverpul” isə 2022-ci ilin sentyabrında 26 yaşlı oyunçunu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürmüşdü. “Liverpul” bir illik icarə üçün Turin klubuna 4.5 milyon avro ödəyib. Futbolçunun birdəfəlik transferi üçün isə daha 37.5 milyon avro ödəmək lazım gələcəkdi. Amma göründüyü kimi, “Liverpul” buna ehtiyac duymayıb.