“Liverpul” Jotanın ailəsinə 10 milyon funt sterlinq ödədi

İngiltərənin “Liverpul” klubu mərhum futbolçu Dioqo Jotanın müqaviləyə əsasən almalı olduğu məbləği onun ailəsinə ödəyib.

Arena.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Arne Slot TNT-yə açıqlamasında bildirib.

Mersisayd təmsilçisi sözləşmənin qalan iki ili üçün nəzərdə tutulmuş pulu hücumçunun yaxınlarına verib. İngiltərə mətbuatında yayılan xəbərlərə əsasən, bu məbləğ 10 milyon funt sterlinqə bərabərdir.

Xatırladaq ki, bu il iyulun 3-də Dioqo qardaşı Andre ilə birlikdə İspaniyada yol-nəqliyyat hadisəsi nəticəsində faciəvi surətdə həlak olub.

Dioqo Jota futbola 2005-ci ildə “Qondomar” klubunda qədəm qoyub, ardınca “Pasuş de Ferreyra”ya keçərək, böyük futbolda debüt edib. Hücumçu, karyerası ərzində “Atletiko” (Madrid), “Portu”, “Vulverhempton” və “Liverpul”da çıxış edib.

2024/2025-ci illər mövsümündə Jota “Liverpul” üçün 37 oyuna 9 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.

“Vulverhempton” üçün isə Jota 131 oyun keçirib, 44 qol vurub, 19 məhsuldar ötürmə verib.

Jotanın klub karyerası ümumilikdə 182 oyun, 65 qol və 26 məhsuldar ötürmədən ibarətdir.

Dioqo Jota 2009-cu ilin noyabr ayında debüt etdiyi Portuqalya yığmasının heyətində 49 oyuna 14 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.

Jotanın qənimətlər muzeyində “Liverpul”la qazandığı İngiltərə Premyer Liqası (2024/2025), İngiltərə Kuboku (2022), İngiltərə Liqa Kuboku (2022, 2024), həmçinin “Vulverhempton” İngiltərə Çempionşipi (2017/2018) var.

Jota Portuqaliya yığması ilə UEFA Millətlər Liqasının ikiqat qalibi (2019, 2025) olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: