Futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunun “Leypsiq”lə səfər oyunu “Liverpul” üçün rekordlarla əlamətdar olub.
Arena.az məlumat verir ki, “qırmızılar” bu oyunda 1:0 hesablı qələbə sayəsində iki rekorda imza atıblar.
“Liverpul” klubun tarixində ilk dəfə olaraq, mövsümün bütün yarışlarında ilk 12 oyunun 11-də qalib gəlib. “Qırmızılar” Premyer Liqanın 8-ci turunun “Çelsi” ilə oyununda (2:1) müəyyən etdiyi şəxsi rekordu yeniləyiblər. Onda mersisaydlılar mövsümün ilk 11 oyununda 10-cu qələbəni qazanmışdılar.
Digər bir rekord isə “Liverpul”un klubun tarixində ilk dəfə bir mövsümdə ilk 6 səfər oyununda qalib gəlməsi ilə müəyyənləşib. Bu nəticəsi ilə “Liverpul” 2017/2018-ci illər mövsümündə “Mançester Siti”nin ilk İngiltərə Premyer Liqa komandası kimi müəyyən etdiyi müvafiq rekordu təkrarlayıb.
“Liverpul” 8 turdan sonra 21 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlinə başçılıq edir.
Çempionlar Liqasında isə “qırmızılar” 3 turdan sonra 9 xal toplayıblar. İngiltərə təmsilçisi hazırda yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb.