Lloyd Kelli “Bornmut”u “Nyukasl Yunayted”ə dəyişdi

“Bornmut”un mərkəz müdafiəçisi Lloyd Kelli bundan sonra Premyer Liqanın digər təmsilçisi “Nyukasl Yunayted”in formasını geyinəcək.

Arena.az bu barədə “Nyukasl Yunayted”in rəsmi saytına istinadən xəbər verir.

Belə ki, “Nyukasl Yunayted” bu gün 2024/2025 mövsümü öncəsi ilk transferini elan edib.

Sözügedən klub “Bornmut”la müqaviləsinin müddəti başa çatan Lloyd Kellini heyətinə qatıb. 25 yaşlı futbolçu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalandığı bildirilib. Kellinin “Bornmut”la müqaviləsi bu yay başa çatdığı üçün “Nyukasl Yunayted” transfer haqqı ödəməyəcək. Müdafiəçi yeni komandasının heyətində 25 nömrəli formanı geyinəcək.

Lloyd Kelli 2019-cu ildən “Bornmut”da çıxış edirdi. O, ötən mövsüm bu komandanın heyətində 25 matçda iştirak edib və 1 qol, 1 məhsuldar ötürmə müəllifi olub. Kellinin “Bornmut” karyerası bütövlükdə 141 oyun, 3 qol və 8 məhsuldar ötürmədən ibarətdir.

25 yaşlı müdafiəçi daha öncə futbolçu karyerasına başladığı “Bristol Siti”nin da formasını geyinib.

Kelli İngiltərənin U-20 və U-21 yığmalarında ümumilikdə 19 oyun keçirsə də, əsas millidə debüt şansı qazanmayıb.