Loqan Kosta və Tyerno Barri “Vilyarreal”da – 32 milyona

“Vilyarreal” heyətini iki yeni futbolçu – mərkəz müdafiəçisi Loqan Kosta və mərkəz hücumçusu Tyerno Barri ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Loqan Kosta Fransanın “Tuluza” klubundan 18 milyon avro müqabilində transfer olunub. 23 yaşlı müdafiəçi ilə 6 illik (2030-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Loqan Fransanın “Reyms” klubunun yetirməsidir. O, bu klubda olarkən “Le Man”da icarədə də olub. 2021-cü ilin avqustunda “Tuluza” “Reyms”ə 500 min avro ödəyərək Kostanı heyətinə qatıb. Müdafiəçi bu klubun əsas komandasında 58 oyuna çıxıb, 4 qol və 2 assistlə yadda qalıb.

Fransada dünyaya göz açmış Loqan, bu ölkənin U-16 və U-17 yığmalarında oynayıb. 2022-ci ilin martında isə o, Kabo Verde yığmasında debüt edib və indiyə qədər 18 oyuna çıxıb.

Tyerno Barri isə İsveçrənin “Bazel” klubundan transfer olunub. “Vilyarreal” onun transferi üçün də 14 milyon avro ödəyib. 21 yaşlı forvardla 5 illik müqavilə imzalanıb.

Tyerno futbola Fransanın “Tulon” və “Soşo” klublarında başlayıb. 2022-ci ilin iyulunda o, Belçika “Beveren”inə keçib. “Bazel” gənc hücumçunu 2023-cü ilin iyulunda 3 milyon avro müqabilində “Beveren”dən transfer etmişdi. Fransalı forvard “Bazel”də keçirdiyi bir mövsüm ərzində 41 oyuna çıxıb, 20 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

Adria Altimira və Sesar Xelabert icarəyə verildilər

“Vilyarreal” sağ cinah müdafiəçisi Adria Altimiranı da “Leqanes”ə icarəyə verib. 23 yaşlı ispan futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq. “Barselona”nın yetirməsi olan, “Lokomotiva” (Xorvatiya), “Melilya”, “Andorra” kimi klublarda da oynamış Altimira “Vilyarreal”a 2023-cü ilin yayında azad agent kimi keçmişdi. Bu klula 2026-cı ilin yayınadək müqaviləsi olan futbolçu La Liqa təmsilçisinin heyətində 18 oyuna çıxıb.

Loqan Kostanı “Vilyarreal”a satmış “Tuluza” da ispaniyalı yarımmüdafiəçisi Sesar Xelaberti Xixon “Sportinq”inə icarəyə verib. Madrid “Real”ının yetirməsi olan 23 yaşlı futbolçu bu mövsümün sonuna kimi vətənində çıxış edəcək. O, “Tuluza”dan öncə “Mirandes”də də forma geyinib. 2023-cü ilin yayından Fransa klubunda çıxış edən ispan yarımmüdafiəçi bu komandada 25 oyuna 1 qol və 3 assistlə diqqət çəkib.