Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünü istədiyi kimi bitirməyən “Zirə” belçikalı futbolçusu Loris Broqno ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə 31 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edib.
O, müddəti başa çatan müqaviləsinin yenilənməyəcəyini bildirib: “Azərbaycanda keçirdiyim iki ilə görə “Zirə” klubuna təşəkkür edirəm. İndi yeni macəra vaxtıdır”.
Xatırladaq ki, Loris Broqno 2021-ci ilin avqust ayından “Zirə”nin uğurları üçün çalışırdı. Sağ cinah vingeri bu komandanın heyətində bütövlükdə 58 oyun keçirib. Təcrübəli oyunçu bu matçlarda 9 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub.
Broqno “Zirə”dən öncə “Sparta” (Rotterdam), “Beerşot”, “Mons”, “Lommel”, “Aud-Heverle Leven” və “Şarlerua” kimi klublarda da çıxış edib.