“Los-Anceles” Olivye Jiru ilə müqavilə imzaladığını elan etdi

“Milan”ın fransalı veteran mərkəz hücumçusu Olivye Jiru cari mövsümün başa çatması ilə MLS təmsilçisi “Los-Anceles”in futbolçusu olacaq.

Arena.az bu barədə “Los-Anceles”in mətbuat xidmətinə istinadən məlumat verir.

Vurğulanır ki, fransalı veteran futbolçu amerikan klubu ilə daha 1 il müddətinə uzadılmasını ehtiva edən, müddəti 2025-ci ilə qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Olivye Jiru “Milan”a 2021-ci ilin iyulunda 2,85 milyon avro müqabilində “Çelsi”dən keçib. Fransız hücumçunun “rossoneri” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Olivye “Milan”ın heyətində 45 oyuna çıxıb, 16 qol vurub, 9 məhsuldar ötürmə verib. Veteran hücumçunun “rossoneri”nin heyətində çıxışının ümumi mənzərəsi isə belə təsvir yaradır: 130 oyun, 48 qol, 20 məhsuldar ötürmə.

Jiru “Milan”la 2021/2022 mövsümü A Seriyasının qalibi olub.

Fransalı futbolçu “Milan”dan öncə “Qrenobl”, “İstr”, “Tur”, “Monpelye”, “Arsenal” və “Çelsi” kimi klubların da formasını geyinib. Fransalı veteranın karyerasının böyük hissəsi məhz “Arsenal”da keçib.

Jiru 2011-ci ilin noyabrında debüt etdiyi Fransa yığmasının heəytində 131 oyuna çıxıb, 57 qol vurub, 16 məhsuldar ötürmə verib. Olivye “xoruzlar”la DÇ-2018-in, 2021 UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 37 yaşlı fransız veteran mərkəz hücumçusunun transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.