Lotar Matteus “Bayern”in əvvəlki rəhbərliyini tənqid etdi

“Bayern”in keçmiş yarımmüdafiəçisi Lotar Matteus futbolçuların yüksək maaşlarına görə Münhen klubunun əvvəlki rəhbərliyini tənqid edib.

Arena.az “Sky Sport Germany” dərgisinə istinadən, Matteusun bu barədə fikrini təqdim edir:

“Bayern” maliyyə vəziyyətinə nəzarət edir, amma onlar daha ehtiyatlı olublar. Bu həm də son illərdə futbolçuların kəskin artan maaşları ilə bağlıdır. Bu “Uli” Hönesin və ya Maks Eberlin təqsiri deyildi. Artıq klubda olmayan insanlar maaş strukturunu bərbad vəziyyətə salıblar.

Manuel Noyer və ya Robert Levandovski 20 milyon avro məbləğində qazanırsa, bu, o demək deyil ki, digər peşəkarlar da eyni qazanmalıdırlar. Müstəsna oyunçular müstəsna maaş alırlar. Biz bununla bağlı bəzi nəzarəti itirmişik və bu, indi qaydasına salınmalıdır – baxmayaraq ki, bu, asan məsələ deyil.

Həddindən artıq çox oyunçu çox qazanırsa, transferlərə gəldikdə, siz yüksək səviyyəyə çata bilməyəcəksiniz. Gələcək haqqında düşünmək gərəkdir və bəlkə də “Keyni alacağıq” deyil, “zamanla bazar dəyəri artacaq daha gənc oyunçu alacağıq” demək gərəkdir”, deyə Lotar Matteus vurğulayıb.