Luçano Spalletti “Napoli”dən ayrılır?

Bu mövsüm “Napoli”yə İtaliya çempionluğunu qazandırmış baş məşqçi Luçano Spalletti Neapol təmsilçisi ilə yollarını ayırmağa qərar verib.

Arena.az xəbər verir ki, Spallettinin klubun prezidenti Aurelio De Laurentislə gərgin münasibətlərdə olduğu haqda məlumat yayılıb. Ancaq təcrübəli mütəxəssisin növbəti mövsümdə yeni komanda çalışdırmaq istəyində olmadığı vurğulanır.

Toskana təmsilçinin “Maradona” stadionunda “İnter” üzərində 3:1 hesablı inamlı qələbəsindən sonra Spallettinin mövqeyi onun komandadan ayrılacağını deməyə əsas verir.

“La Gazzetta dello Sport”a görə, Spalletti Neapolda keçirdiyi iki mövsüm ərzində çox yorulub. Onun oyunçular və azarkeşlərlə sıx əlaqələri olsa da, bunu klub prezidenti De Laurentiislə münasibətə şamil etmək olmaz.

Məlumatda o da xatırlanır ki, De Laurentiis hələ ötən mövsümdə “Napoli” “Empoli”yə məğlub olub Çempionlar Liqası şanslarını şübhə altına qoyduğu zaman Spalletti ilə vidalaşmaq istəyində olub. Klub prezidenti hətta komandanın sükanı arxasına gətirmək istədiyi potensial namizədlərlə danışıqlar aparırmış. Buna rəğmən, Spalletti “dördlüy”ə düşməyi bacarmış və 2022/2023 mövsümündə komandaya rəhbərlik etmək etimadını qazanmışdı.

Bu mövsümdə tərəflər arasında gərginlik hələ də qalmaqdadır. Bir neçə həftə qabaq klub rəhbərliyi baş məşqçi ilə müqaviləni 2024-cü ilə qədər uzatmaq qərarına gəlmişdi. Hətta bu barədə 64 yaşlı mütəxəssisə səyyar poçt xidməti vasitəsilə bildiriş göndərmişdi. Ancaq təcrübəli mütəxəssis klubun müqaviləni müvafiq üsulla uzatmasından razı qalmamışdı. Baş məçqçinin fikrincə, ona olan münasibət hər hansı sıravi əməkdaşa olan münasibətdən heç nə ilə fərqlənməyib. Sanki o, adi biridir və heç də kluba son 33 ildə ilk titulu qazandırmaqda böyük əmək sərf etməyib.

Hazırda “Napoli”nin Spallettini əvəzləmək üçün bir sıra mütəxəssisləri gözdən keçirdiyi deyilir. Namizədlər arasında Antonio Konte, Luis Enrike və hətta “Atalanta”nın baş məşqçisi Can Pyero Qasperininin də adı çəkilir. Spallettinin növbəti mövsümdə bir növ yaradıcılq məzuniyyəti götürəcəyi iddia edilir.

Luçano Spalletti 2021-ci ilin iyul ayından rəhbərlik etdiyi “Napoli”ni indiyə qədər 94 oyuna çıxarıb – 61 qələbə, 15 heç-heçə, 18 məğlubiyyət. 64 yaşlı mütəxəssis daha öncə “İnter”, “Roma”, “Zenit”, “Udineze”, “Ankona”, “Venetsiya”, “Sampdoriya” və “Empoli”yə də rəhbərlik edib.