Luçano Spalletti Neapolun fəxri vətəndaşı olacaq

Bu mövsüm İtaliya çempioni olan “Napoli” komandasının baş məşqçisi Luçano Spaletti Neapolun fəxri vətəndaşı elan ediləcək.

Arena.az “Sky Sport Italia”ya istinadən bildirir ki, bu barədə Neapol şəhərinin meri Qaetano Manfredi danışıb:

“Spalletti Skudettonu böyük peşəkarlıq, fədakarlıq və soyuqqanlılıqla qazandı. Söhbət, bu şəhərə çox şeylər bəxş etmiş böyük məşqçidən gedir. Şəhər şurası yekdilliklə ona fəxri vətəndaş statusu verilməsi barədə qərar qəbul edib. Biz artıq müvafiq işə başlamışıq”.

Xatırladaq ki, “Napoli” Spallettinin rəhbərliyi altında 2022/2023 mövsümündə A Seriyasının çempionu olub. Komanda 37 oyunda 87 xal toplayaraq çempionluğu öncədən rəsmiləşdirib.

Maraq üçün qeyd edək ki, “eşşəkciklər”in ən yaxın izləyicisi “Latsio” 71 xal toplayıb. “Napoli”nin çempionluğu komandanın son 33 il ərzində ilk tituludur. Bu uğura baxmayaraq, Luçano Spalletti mövsüm bitən kimi Neapol klubundan ayrılmağa qərar verib. O, bir müddət istirahət etmək istədiyi üçün işsiz qalmağı üstün tutub.