Futbol üzrə Niderland milli komandasının baş məşqçisi Lui van Qal postundan ayrılmağa qərar verib. Arena.az xəbər verir ki, o, bu qərarını Qətərdə təşkil olunmuş dünya çempionatının 1/4 final mərhələsində Argentina millisinə uduzduqları oyundan sonrakı mətbuat konfransında açıqlayıb.
71 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırarkən bunları söyləyib: “Mən Niderland yığmasının baş məşqçisi işləməyi davam etdirməyəcəyəm. Bu, həqiqətən mənim sonuncu oyunum oldu. Milli komandadakı fəaliyyətimin üçüncü dönəmi başa çatdı. Sonuncu gəlişimdə komanda 20 matç keçirib və birində də məğlub olmayıb”.
Van Qal komandası ilə fəxr etdiyini vurğulayıb: “Komandamla fəxr edirəm, uşaqlar bütün güclərini verdilər. Bizim əzəmətli yenilməzlik seriyamız, vurulmuş və buraxılmış topların əla fərqi var. Gözəl vaxt keçirdik. İndi isə turnirdən bu cür çıxmağımız inanılmazcasına üzücüdür”.
Xatırladaq ki, Lui Van Qal Niderland 2021-ci ilin avqust ayından rəhbərlik etdiyi Niderland yığmasını bu müddət ərzində 20 oyuna çıxarıb. Komanda bu görüşlərdə 14 qələbə qazanıb, 6 heç-heçə edib. Rəqib qapılarından 51 top keçirən “narıncılar”, 17 qola üzülüb.
Van Qal 2000-ci ilin iyulundan 2001-ci ilin noyabrına (15 oyun, 9 qələbə, 4 heç-heçə, 2 məğlubiyyət) və 2012-ci ilin iyulundan 2014-cü ilin iyuluna (29 oyun, 18 qələbə, 9 heç-heçə, 2 məğlubiyyət) qədər də Niderland yığmasını çalışdırıb. Təcrübəli mütəxəssis “Ayaks”, “Barselona”, “Alkmaar”, “Bayern” və “Mançester Yunayted” klublarında da baş məşqçi kimi işləyib.
Sonda onu da qeyd edək ki, artıq Van Qalı Niderland yığmasında kimin əvəz edəcəyi də məlumdur. Belə ki, Ronald Kuman milli komandanın yeni baş məşqçisi təyin olunacaq. Məsələ burasındadır ki, Niderland Futbol Federasiyası hələ aprel ayında belə bir qərara gəlmişdi. Kumanın müqaviləsi 2026-cı ilin dünya çempionatına kimi nəzərdə tutulub.
Təcrübəli mütəxəssis 2018-2020-ci illərdə Niderland yığmasının sükanı arxasında olub. Onun dövründə Niderlandın ən yaxşı nəticəsi Millətlər Liqasının finalıdır. Kuman yığmadan başqa, “Barselona”, “Everton”, “Valensiya” kimi klubları çalışdırıb.