Məşhur niderlandlı mütəxəssis Lui van Qal bir neçə il prostat vəzi xərçəngi ilə mübarizə apardıqdan sonra səhhəti haqda danışıb.
Arena.az 72 yaşlı mütəxəssis RTL televiziyasına müsahibəsində səsləndirdiyi məlumatı təqdim edir:
“Sağlamlığım? Mən yaxşıyam. Üç illik şüa terapiyasından, böyrək infeksiyalarından, prostat vəzində cərrahi əməliyyatdan sonra nəhayət ki, yaxşıyam. Mən təbii surətdə yenidən işəyə bilirəm, bu, vacibdir. Amma mən artıq sekslə məşğul ola bilmirəm, bu isə, fəsaddır”, deyə van Qal özünəməxsus yumorla bildirib.
Vurğulayaq ki, Van Qal özünün ötkəm xasiyyəti, nizam-intizamı ilə tanınır. Bununla yanaşı niderlandlı mütəxəssis kobud yumoru ilə də ad çıxarıb.
Xatırladaq ki, Van Qalın son iş yeri 2021-2022-ci illərdə çalışdırdığı Niderland yığması olub. Mütəxəssisin son klubu iki mövsüm çalışdırdığı “Mançester Yunayted” olub. Van Qal 2016-cı ildə “qırmızı şeytanlar”dan ayrılıb. Həmçinin Lui van Qal uzun karyerası ərzində “Barselona” və “Bayern” kimi nəhənglərin sükanı arxasında çalışıb. Mütəxəssis vətənində Niderland nəhəngi “Ayaks” və “Alkmaar”ı çalışdırıb.