Futbol üzrə Braziliya milli komandasının hücumçusu Luis Adriano Türkiyənin “Antalyaspor” klubu ilə yolları ayırıb. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə 35 yaşlı futbolçu ilə yolların ayrıldığı diqqətə çatdırılıb. Türkiyə klubu təcrübəli hücumçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Luis Adrianonun yeni iş yeri də məlumdur. O, Braziliyanın “İnternasional” klubuna transfer olunub. Futbolçu yetirməsi olduğu bu klubla 2023-cü ilin 31 dekabrına kimi anlaşıb. “İnternasional” keçmiş-yeni hücumçusunun transferini belə təqdim edib: “2006-cı ildə qəhrəman, çempion və bombardir olmuş Luis Adriano geri döndü”.
Luis Adriaono 2022-ci ilin əvvəlində Braziliyanın digər klubu “Palmeyras”dan azad agent kimi “Antalyaspor”a transfer olmuşdu. O, bu mövsüm Super Liqa təmsilçisində 22 oyuna 4 qol vurub, 2 məhsuldar ötürmə edib. Bütövlükdə isə Adrianonun “Antalyaspor” karyerası 38 oyun, 8 qol və 4 məhsuldar ötürmədən ibarətdir.
Təcrübəli hücumçu karyerası ərzində “Şaxtyor” (Donetsk, Ukrayna), “Milan”, “Spartak” (Moskva) və “Palmeyras” kimi klublarda da forma geyinib. O, Braziliyanın əsas yığma komandasında 4 oyun keçirib.