Uzun müddət “Latsio”da çıxış etmiş yarımmüdafiəçi Luis Alberto cari mövsümün sonunda Roma klubundan ayrılacağını açıqlayıb.
Arena.az ispan futbolçunun bu barədə fikirlərini təqdim edir:
“Son bir neçə həftə mənim üçün çətin oldu. Növbəti layihənin necə olacağını bilmirəm, amma deyə bilərəm ki, gələn mövsüm mütləq onun bir hissəsi olmayacağam. Artıq klubdan mənimlə müqaviləyə xitam verməsini xahiş etmişəm. Bu işdən çıxmaq üçün bütün maaşımı verməyə hazıram. Məncə, indi kənara çəkilməyin vaxtıdır. Bu klub mənə çox şey verdi, amma başqalarına yol açmağın vaxtıdır”, deyə Alberto bildirib.
İspan futbolçunun “Latsio”dan ayrıldıqdan sonra vətəninə qayıdacağı ehtimal olunur.
Xatırladaq ki, Luis Alberto “Latsio”ya 2016-cı ilin avqustunda 4 milyon avro qarşılığında “Liverpul”dan gəlib. 31 yaşlı yarımmüdafiəçi cari mövsümdə İtaliya klubunun heyətində 39 oyuna çıxıb. O, bu oyunlarda 4 qol vurub, 8 məhsuldar ötürmə edib. Albertonun “Latsio” karyerası bütövlükdə 302 oyun, 51 qol və 76 məhsuldar ötürmədən ibarətdir.
İspan futbolçu daha öncə “Latsio” və “Liverpul”dan başqa “Deportivo”, “Malaqa”, “Sevilya” kimi klubların da şərəfini qoruyub, “Barselona”nnı B komandasında oynayıb. Alberto 2017-ci ilin noyabr ayında İspaniyanın əsas milli komandasında debüt etsə də, bu, onun yığmadakı yeganə matçı olub. O, daha öncə ölkəsinin U-18, U-19 və U-21 yığmalarında da oynayıb.
“Transfermarkt” internet-portalı 31 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 14 milyon avro məbləğində qiymətləndirir.