Luis de la Fuente: “AÇ-2024-də İtaliya ilə görüş açar oyun idi”

İspaniya yığmasının baş məqşçisi Luis de la Fuente, fikrincə, AÇ-2024-də komandasının əsas oyunu haqda söhbət açıb.

Arena.az “Football Italia” nəşrinə istinadən məlumat verir ki, ispan mütəxəssis AÇ-2024-ün “B” qrupunda İtaliya yığması ilə 2-ci tur oyununu (1:0) İspaniya yığması üçün əsas açar oyun olaraq görür:

“İtaliya yığması ilə oyun açar oyun idi. Əgər uduzsaydıq, söz-söhbətlər yenidən baş qaldıracaqdı. Sözümüzün vaxtı gəldi: biz buradayıq. Mən hələ də İtaliya yığmasının böyük milli komanda olduğunu düşünürəm, amma həmin oyun bizə nəyə dəyər olduğumuzu dərk etdirdi. Bu qələbə böyük təkan oldu. Biz bu güc-qüvvəni Almaniya, Fransa və İngiltərə yığmalarına qarşı istifadə etdik”, deyə Luis de la Fuente fikrini əsaslandırıb.

Xatırladaq ki, İspaniya yığması AÇ-2024-də keçirdiyi 7 oyunun hamısında qələbə qazanaraq, tarixində 4-cü dəfə Avropa çempion olmaqla, mütləq rekord müəyyən edib.

“Qırmızı qəzəb” qrup mərhələsinin “B” qrupunda Xorvatiya (3:0), AÇ-2020-nin qalibi İtaliya (1:0), Albaniya (1:0), 1/8 finalda Gürcüstan (4:1), 1/4 finalda yarışın ev sahibi Almaniya (əlavə vaxtda 2:1, əsas vaxt 1:1), yarımfinalda DÇ-2022-nin finalçısı Fransa (2:1) üzərində qələəb qazanıb. Finalda isə bu komanda AÇ-2020-ni finalçısı İngiltərə (2:1) yığmasını məğlub edib.