Luis de la Fuente Alvaro Moratanın fitə basılmasını pislədi

İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente Braziliya millisi ilə yoldaşlıq oyununda (3:3) yaşanmış xoşagəlməz hadisəni tənqid edib.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, ispan mütəxəssis bir dəstə “Real” azarkeşinin İspaniya yığmasının Madrid “Atletiko”sunu təmsil edən hücumçusu Alvaro Moratanı oyunun keçirildiyi “Santyaqo Bernabeu”da qəzəblə fitə basmasını pisləyib.

Xatırladaq ki, Morata “Real”da boya-başa çatıb. O, “qaymaqlılar”ın heyətində xeyli çıxış edib və sonralar “Real”ın əsas rəqiblərindən biri olan Madrid “Atletiko”sunun düşərgəsinə keçib.

“Mənim ölkəmdə milli komandanın oyunçusunun fitə basılması ayıbdır. Mən buna görə xəcalət çəkirəm. “Santyaqo Bernabeu” böyük stadiondur, amma bir ispaniyalı kimi mən utanıram ki, ispan futbolçunu fitə basırlar. Amma onu da qeyd edək ki, azarkeşlərin böyük əksəriyyəti milli komandanı dəstəkləyirdi. Milli komandaya gəlincə, biz klubların rənglərindən imtina etməliyik”, deyə Luis de la Fuente vurğulayıb.