Luis de la Fuente yeni müqavilə ilə bağlı narazılığını açıqladı

İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente “qırmızı qəzəb”lə müqavilə müddətinin uzadılması ilə bağlı sualı cavablayıb.

Arena.az “Marca” nəşrinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Avropa çempionunun müqaviləsiz qalması yaramaz haldır. Bilmirəm, Luis Enrike ilə belə hal yaşanardımı… Avropa çempionunun müqaviləsiz qalması sıradan hal deyil. Yeri gəlmişkən, İspaniyanın 21 yaşadək futbolçulardan ibarət yığmasından köçdüyüm vaxtda olduğu kimi, eyni şərtlərlə işləyirəm… İnsafən, təklif gəlsəydi, artıq müqavilə bağlayardım”, deyə De la Fuente giley-güzar edib.

Luis de la Fuente İspaniya yığmasını 2023-cü il yanvarın 1-dən çalışdırır. İspan mütəxəssis təyinatından sonra yığmanın tərəqqisinə nail ola bilib. 2023-cü ildə İspaniya yığması UEFA Millətlər Liqasının finalında Xorvatiya yığmasını penaltilər silsiləsində məğlub edərək (əsas vaxt – 0:0, penaltilərlə – 5:4) yarışın qalibi olmuşdu.

İspaniya yığması bu il Almaniyada keçirilmiş Avropa çempionatında (AÇ-2024) da meydana çıxdığı 7 oyunun hamısında qələbə qazanaraq, tarixində 4-cü dəfə Avropa çempion olub. Bununla da Luis de la Fuentenin “qırmızı qəzəbi” mütləq rekord müəyyənləşdirib.

İspaniya yığması AÇ-2024-ün qrup mərhələsinin “B” qrupunda Xorvatiya (3:0), AÇ-2020-nin qalibi İtaliya (1:0), Albaniya (1:0), 1/8 finalda Gürcüstan (4:1), 1/4 finalda yarışın ev sahibi Almaniya (əlavə vaxtda 2:1, əsas vaxt 1:1), yarımfinalda DÇ-2022-nin finalçısı Fransa (2:1) yığmaları üzərində qələbələri sıralayıb. Finalda isə Luis de la Fuentenin İspaniyası AÇ-2020-nin finalçısı İngiltərə yığmasını məğlub edib – 2:1.