Futbol üzrə Almaniya Bundesliqasının 30-cu turunun “Ştutqart”la ev oyunu “Bayern”in futbolçusu Luis Dias üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, bu rəqibini 4:2 hesabıyla məğlub edərək çempionluğu rəsmiləşdirmiş Münhen təmsilçisinin üzvü rekorda imza atıb.
Qarşılaşmada 2 məhsuldar ötürmə ilə yadda qalmış 29 yaşlı kolumbiyalı vinger rəsmi statistika aparılan (2004/2005-ci illər mövsümündən etibarən) dönəmdən bəri Bundesliqanın bir mövsümündə ən azı 13 qol vurub və eyni sayda assist etmiş ilk “Bayern”li olub.
15 qol və 13 məhsuldar ötürmə ilə yadda qalmış futbolçu Avropanın “Böyük beşlik” liqalarında cari mövsümdə bu nəticəni göstərən yeganə oyunçudur.
Xatırladaq ki, Luis Dias 2025-ci ilin yayında “Liverpul”dan ayrılaraq “Bayern”lə 4 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Keçid Almaniya nəhənginə 70 milyon avro məbləğ müqabilində başa gəlib.
Luis “Bayern”də 43 oyuna çıxıb, 24 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.
Luis Dias “Barrankilya”nın məzunudur. Hücumçu, karyerası ərzində “Atletiko Xunior”, “Portu” və “Liverpul”da çıxış edib.
Dias 2018-ci ilin sentyabr ayında debüt etdiyi Kolumbiya yığmasının heyətində 72 oyuna 21 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 29 yaşlı kolumbiyalı sol cinah hücumçusunun transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.


