Luis Enrike: “Bunun üçün mövsümün sonunu gözləməliyik”

PSJ-nin baş məşqçisi Luis Enrike fransalı hücumçu Kilian Mbappenin gedişinin komandasına təsiri ilə bağlı suala cavab verib.

Arena.az “Le Parisien” dərgisinə istinadən məlumat verir ki, ispan mütəxəssisin bu mövzuda sualları sevmədiyi məlum olsa da, o, Mbappenin boşluğunu komandasında “vuran ayaq”ların sayını artırmaqla doldurmaq tədbiri haqda fikrini bildirib:

“Mən hesab edirəm ki, komanda ilə indi baş verənləri qiymətləndirmək vacibdir. Bu, ötən mövsüm müəyyən edilmiş layihəyə müvafiqdir. Nəticə çıxarmaq üçün mövsümün sonuna qədər gözləməliyik. Ola bilsin ki, bəlkə də bir neçə mövsüm. Hazırda müşahidə etdiklərimi isə bəyənirəm. PSJ-ni çalışdırmaq haqda düzgün qərar vermişəm”, deyə Enrike vurğulayıb.

Luis Enrike fransalı cinah hücumçusu Bradli Barkolanın Kilian Mbappe ilə eyni tərtibatda oynaya biləcəyi ilə bağlı sualı da cavablayıb:

“Bradli Barkola Kilian Mbappenin mövqeyində necə oynayır? Sona qədər mübarizə aparan bütün oyunçularımın oyunundan çox razıyam. Barkola əladır. İki həftə əvvəl sizlər də onu tərifləmişdiniz. O, dəyişməyib. O, gəncdir, çoxlu güclü keyfiyyətlərə malikdir və tərəqqi istəyir. Mən yalnız indi ilə maraqlanıram, keçmiş məni daha qayğılandırmır”.

Xatırladaq ki, Mbappe artıq geridə qalmış yay transfer pəncərəsinədə PSJ-dən azad agent qismində ayrılaraq, İspaniya nəhəngi “Real”a qoşulub.

Buna rəğmən, Luis Enrikenin PSJ-si heyətini tamamlayaraq, cari mövsümə inamla başlayıb. Hazırda Fransa nəhənginin əskik tərəfləri hələ gözə çarpmır.

PSJ Fransa Liqa 1-in 4 turundan mütləq nəticə hasil edib və 12 xalla yarış cədvəlinin zirvəsində qərarlaşıb.