Luis Enrike Keylor Navasın PSJ-dən mümkün gedişini şərh etdi

PSJ-nin baş məşqçisi Luis Enrike kosta-rikalı qapıçı Keylor Navasın Fransa klubundan ayrılacağı ilə bağlı xəbərləri şərh edib.

Arena.az ispan mütəxəssisin bu mövzuya dair cavabını təqdim edir:

“Navas? Onun klubdan ayrılacağına işarə edən heç nə görməmişəm”, deyə Luis Enrike bildirib.

Xatırladaq ki, daha əvvəl Navasın cari mövsümün sonunda müqaviləsi başa çatdıqdan sonra Fransa nəhənginin düşərgəsini azad agent qismində tərk edəcəyi haqda məlumat yayılmışdı.

Keylor Navas 2019-cu ilin sentyabr ayında 15 milyon avro qarşılığında Madrid “Real”ından (İspaniya) PSJ-yə keçib. Təcrübəli qolkiper Paris təmsilçisində 113 oyun keçirib. Bu görüşlərdə 93 qol buraxmış qapıçı 51 matçda qapısını toxunulmaz saxlayıb.

Navas əvvəllər “Real”, “Levante”, “Albasete”, “Nottingem Forest” və “Saprissa”nın da formasını geyinib. Təcrübəli qolkiperin əsas uğurları da məhz “Real” və PSJ-nin adı ilə bağlıdır.

Navas 2008-ci ilin oktyabr ayında debüt etdiyi Kosta Rika milli komandasının heyətində 114 matça çıxıb.

“Transfermarkt” internet-portalı 37 yaşlı qapıçının transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.