Luis Enrike Kilian Mbappe ilə bağlı maraqlı etiraf etdi

PSJ-nin baş məşqçisi Luis Enrike fransalı ulduz hücumçu Kilian Mbappenin gedişinin Paris komandasına təsiri ilə bağlı sualı cavablayıb.

Arena.az “Ekip” dərgisinə istinadən məlumat verir ki, ispan mütəxəssis Mbappenin PSJ-dən ayrılmasının komandanın xeyrinə işlədiyini bildirib, həmçinin oyunçularını fransalı ulduzu təqlid etməyə səslədiyini etiraf edib:

“Keçən mövsüm, komandamızın hücumda və müdafiədə daha yaxşı olacağını elan edərək, böyük cəsarət göstərmişdim. Hələ də düşünürəm ki, biz hər iki cəhətdən daha yaxşı olmuşuq, bu barədə rəqəmlər danışırlar.

Oyunçularım Mbappenin gedişini bir çağırış olaraq qəbul etdilər. Əlbətdə ki, Kilianı saxlamaq istərdik, çünki hamı onu sevirdi, amma komanda onun gedişinə müsbət bir surətdə qarşılıq verdi.
Mən sizə demişdim ki, 40 qol vurmuş bir oyunçunun əvəzinə, bütün oyunçularımın bir çox qol vurmasını istərdim. Bizim, bu rəqəmləri üstələmiş bir futbolçumuz olub və mən başqalarını da onu təqlid etməyə səsləyirəm”, deyə Luis Enrike çağırışının mahiyyətini açıqlayıb.

Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində 34 oyuna çıxıb, 22 qol vurub, 4 məhsuldar ötürmə verib.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 6 dəfə və “Monako” ilə 1 dəfə Fransa Liqa 1-in, 4 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun (2024) və FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı fransalı hücumçunun transfer dəyərini 160 milyon avro məbləğində qiymətləndirir.