Luis Enrike Kilian Mbappeyə hörmətsizlik edir?

PSJ-nin hücumçusu Kilian Mbappenin ətrafı hesab edir ki, komandanın baş məşqçisi Luis Enrike ulduz futbolçuya qarşı hörmətsiz davranır.

Arena.az xəbər verir ki, Mbappeyə yaxın olan insanlar ispan mütəxəssisin Liqa 1-in 27-ci turunun Marsel “Olimpik” ilə son oyununda (0:2), 65-ci dəqiqədə hücumçunu əvəzləməsini narazılıq və yanlış anlaşılma kimi qəbul ediblər.

Bundan başqa, Fransa çempionatının bəzi əvvəlki oyunlarında da Mbappenin əvəz edilməsi birmənalı qaşılanmayıb.

Digər bir iddiaya görə, Kilian Marseldəki oyunda əvəzlənməsini gördükdən sonra baş məşqçisini təhqir edib.

Luis Enrike bu məsələ ilə bağlı yayılmış xəbərləri şərh edib. İspan mütəxəssis bunları vurğulayıb:

“Müzakirə edilən xəbərlərdən yalanları görmək gülməlidir. Jurnalistikanı yaradan və başına gələn budur. Kimsə bu təhqiri uydurub və burada fərziyyələr yaranır. Mən tamamilə rahatam, işimi bacardığım qədər yerinə yetirirəm. Bu oyunda hansı rol oynadığımı bilirəm”.

PSJ-nin baş məşqçisi mövsümün sonunda Fransa nəhənginin düşərgəsini tərk etmə ehtimalı olan və Fransada təzyiqlə üzləşən Mbappe ilə bağlı hazırkı vəziyyətin müsbət yekunlaşacağına ümid etdiyini də vurğulayıb:

“Mən istərdim ki, hər şey onun üçün və hamı üçün yaxşı bitsin. Hamımız eyni gəmidəyik və limana çatmaq istəyirik. Bu, mənim şəxsi və peşəkar məqsədimdir”.

Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransalı ulduz Paris klubuna həmin ilin iyulunda 180 milyon avro müqabilində “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 38 qol vurub, 8 məhsuldar ötürmə verib.

Mbappenin PSJ-nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 298 oyun, 250 qol, 106 məhsuldar ötürmə.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.