Fransa çempionu PSJ-nin baş məşqçisi Luis Enrike parislilərin yeni transferi, 24 yaşlı qapıçı Lyuka Şevalyeyə inamını ifadə edib.
Arena.az ispan mütəxəssisin fransalı qolkiper haqqında müvafiq fikrini təqdim edir:
“Ona sakit şərait gərəkdir ki, öz səviyyəsini nümayiş etdirə və buna nəzarət edə bilsin. Bu baxımdan mənim Lyuka Şevalyeyə heç bir şübhəm yoxdur”, deyə Enrike vurğulayıb.
Xatırladaq ki, PSJ Şevalyeni bu ilin avqust ayında “Lill”dən tamhüquqlu müqavilə əsasında öz heyətinə qatıb. 24 yaşlı fransız qapıçının transferi parislilərə 40 milyon avroya başa gəlib. Onun klubla müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var. Şevalye indiyə qədər PSJ-nin heyətində 19 oyuna çıxıb, 21 qol buraxıb, 8 matçda qapısını toxunulmaz saxlayıb.
Lyuka Şevalye “Lill”in məzunudur. Qapıçı, karyerası ərzində həmçinin “Valansyen”də (icarə) çıxış edib.
Şevalye Fransanın əsas yığmasında keçirdiyi 1 oyunda 1 qol buraxıb.
“Transfermarkt” internet-portalı 24 yaşlı fransız qapıçının transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


