PSJ-nin baş məşqçisi Luis Enrike həmvətəni, ispan mütəxəssis Mikel Arteta və onun çalışdırdığı “Arsenal” haqda fikrini ifadə edib.
Arena.az xatırladır ki, “Arsenal” və PSJ Çempionlar Liqasının ümumi mərhələsinin 2-ci turu çərçivəsində Londonun “Emireyts” statdionunda bu gün üz-üzə gələcəklər.
Luis Enrike matçdan öncə baş tutan mətbuat konfransında bunları söyləyib:
“Mən Mikellə o gənc ikən, bir mövsüm onunla işləyən vaxt tanış olmuşam. O dövrlə bağlı xoş xatirələrim var. Onun çox uğurlu karyerası olub – həm futbolçu, xüsusən də PSJ-də, həm də məşqçi kimi. Bu gün o, ən yaxşı məşqçilərdən biridir. O, “Arsenal”ı qənimətlər qazanmağa və yenidən möhtəşəm olmağa qadir olan komanda simasına qaytarmağı bacarıb.
Mikel Arteta beş ildir ki, “Arsenal”ın baş məşqçisidir. Bu, çətin işdir və bu, onun bu işi çox yaxşı bacardığını göstərir. Düşünürəm ki, o, öz oyunçuları ilə əlaqə qurmağa çalışır, elə, mən də bunu etməyi xoşlayıram. O, əla məşqçi və əla insandır, ona görə də sabah (artıq bu gün – redaktorun qeydi) onu görmək çox xoş olacaq”, – PSJ-nin rəsmi saytı ispan mütəxəssis Enrikedən sitat gətirir.
Xatırladaq ki, “Arsenal” – PSJ oyunu bu gün, oktyabrın 1-də baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.