Luis Enrike PSJ-nin “Reyms”lə xal itirdiyi oyunu təhlil etdi

PSJ-nin baş məşqçisi, ispan mütəxəssis Luis Enrike Fransa Liqa 1-in 5-ci turunun “Reyms”lə səfər oyununu (1:1) təhlil edib.

Arena.az PSJ-nin rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Oyunun əvvəlində biz üstünlük təşkil edirdik, “Reyms” isə meydanın özünə aid yarısında ilişib qalmışdı. Amma bəxtləri gətirdi ki, ilk əks-hücumdaca qol vurdular. Bu, onların müdafiə oyunu planını gücləndirdi, hesabı bərabərləşdirmək fürsətlərimiz isə oldu, amma onları gerçəkləşdirə bilmədik.

Amma ikinci hissədə bunu bacardıq və düşünürəm ki, ən azı heç-heçəyə layiq idik. Fürsətlərin sayını nəzərə alsaq, qalib də gələ bilərdik, amma bu, futboldur. Məğlub da ola bilərdik.

Komandamın münasibətindən, zehniyyətindən çox razıyam. Aydın idi ki, bizə fiziki vəziyyəti daha tər-təzə olan futbolçular gərək idi, çünki üç gündən bir oynayacağıq və bərpa olmaq gərəkdir. Oyun istədiyimiz kimi bitmədi. Burada qələbə qazanmaq çox çətin idi və biz sadəcə işləməyə davam etməliyik”, deyə Luis Enrike vurğulayıb.

Xal itkisinə rəğmən, PSJ Liqa 1-in yarış cədvəlində 13 xalla zirvədəki mövqeyini qoruyur. Bununla belə, Marsel “Olimpik”i və “Monako” PSJ-ni haqlayaraq, xallarını bərabərləşdiriblər və müvafiq olaraq 2-ci və 3-cü pillərlərdə yer alıblar. “Reyms” isə 8 xalla 6-cı pillədədir.