Fransa çempionu PSJ-nin ispan baş məşqçisi Luis Enrike parislilərin portuqal mərkəz hücumçusu Qonsalo Ramosu qiymətləndirib.
Arena.az ispan mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“O, oyun vaxtından asılı olmayaraq, bizim üçün vacibdir. Biz onun çıxışından çox razıyıq. Ramosu məhsuldarlığına görə qiymətləndirir və bacarıqarına əminik. Biz oyunçumuzdan razıyıq”, deyə Luis Enrike vurğulayıb.
Qonsalo Ramos futbola “Olyanense” klubunda qədəm qoyub. O, həmçinin “Lole”də oynayıb və buradan Portuqaliya nəhəngi “Benfika”ya yol taparaq, böyük futbolda “qartallar”ın heyətində debüt edib. PSJ Ramosu 2023-cü ilin avqustunda “Benfika”dan icarəyə götürüb. Fransa nəhəngi 2024-cü ilin ilk günündə isə 65 milyon avro məbləğ müqabilində onu tamhüquqlu əsasda öz heyətinə qatıb.
Portuqal futbolçunun Fransa nəhəngi ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Ramos PSJ-nin heyətində ümumilikdə 97 oyun keçirib, 37 qol vurub və 8 məhsuldar ötürmə verib.
Qonsalo Ramos 2022-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 20 oyuna 9 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Ramos PSJ ilə UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu, Fransa çempionluğunu (2), Fransa Kubokunu (2) və Fransa Super Kubokunu (2) qazanıb.
“Transfermarkt” internet-portalı 24 yaşlı portuqal mərkəz hücumçusunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


