Luis Enrike üçün dünyanın ən yaxşı komandası

Fransa çempionu PSJ-nin baş məşqçisi Luis Enrike rəhbərlik etdiyi kollektivi dünyanın ən yaxşı komandası olaraq qiymətləndirib.

Arena.az ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Mən öz komandamla qürur duyuram. Fikrimcə, mənim komandam dünyada ən yaxşı komandadır”, deyə Luis Enrike vurğulayıb.

Yeri gəlmişkən, PSJ-nin 24 yaşlı gürcü cinah hücumçusu Xivça Kvaratsxeliya da parislilərin Çempionlar Liqasının yarımfinalına çıxmasını şərh edib. Gürcü ulduzun müvafiq açıqlamasını təqdim edirik:

“Bu, asan deyildi. Əsas oldur ki, biz yarımfinala adladıq. Bizə mübarizəmizi davam etdirmək və səylə çalışmaq gərəkdir. Qarşıda hələ çox çağırışlarımız var, mən isə növbəti oyuna köklənmişəm”, deyə Kvaratsxeliya vurğulayıb.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının 1/4 finalında İngiltərənin “Aston Villa” komandasına məğlubiyyətə (2:3) rəğmən, PSJ Parisdə qazandığı 3:1 hesablı qələbə sayəsində ümumi hesabda (5:4) üstünlük saxlayaraq, mötəbər yarışın yarımfinalına adlayıb.

PSJ-nin ÇL-in yarımfinalında İngiltərənin “Arsenal” komandası ilə görüşlər gözləyir. Paris təmsilçisi Fransa Liqa 1-də isə erkən çempion olub.