PSJ-nin baş məşqçisi, ispan mütəxəssis Luis Enrike Fransa futbol ictimaiyyətinə ismarış ünvanlayaraq, tələblə çıxış edib.
Arena.az ESPN şəbəkəsinə istinadən məlumat verir ki, Luis Enrike PSJ-nin fransalı cinah hücumçusu Usman Dembeleyə komandanın yeganə və əsas qolçusu qismində təzyiq göstərilməsini dayandırmağı tələb edərək səslənib:
“Usman keçən mövsümdə olduğu kimidir. O, hücumu məntiqlə başa çatdırmaq baxımından daha səmərəli olmuş ola bilər. O, bizim üçün həmişə vacib olan bir oyunçudur, çünki o, rəqibləri sürətlə ötüb keçmək bacarığına malikdir.
Biz mütləq qolçu təyin etməmişik. Dembele təzyiq altında olsa və ondan gözlənilən qolları vurmasa, fəsadlarımız baş qaldıracaq.
İstədiyimiz qələbələrdir. Qolu kim vuracaq? Bu, mənim üçün əhəmiyyət kəsb etmir. PSJ formasını geyinmiş kəs də qolunu vursun. Yalnız bir oyunçuya təzyiq göstərmək olmaz. Bütün komanda tərəqqi etməlidir”, deyə ispan mütəxəssis tələbini əsaslandırıb.
Xatırladaq ki, Dembelenin özü mövsümün əvvəlində daha çox qolmağa çalışacağını dilə gətirmişdi.
Usman Dembele PSJ-yə 2023-cü ilin yay transfer pəncərəsində 50,4 milyon avro müqabilində “Barselona”dan keçib. Fransalı vingerin Paris klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Dembele PSJ-nin heyətində bütün yarışlarda 6 oyuna çıxıb, 4 qol vurub, 3 məhsuldar ötürmə verib. Dembelenin Fransa nəhəngi üçün xidməti ümumilikdə 48 oyun, 10 qol və 17 məhsuldar ötürmədən ibarətdir.
Dembele PSJ-dən öncə “Barselona”, “Borussiya” (Dortmund) və “Renn”in uğurları üçün çalışıb.
Usman Dembele 2016-cı ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 51 oyun keçirib, 6 qol vurub, 4 məhsuldar ötürmə verib. O, “xoruzlar”la Rusiyada keçirilmiş DÇ-2018-in qalibi olub.
“Transfermarkt” internet-portalı 27 yaşlı fransalı sağ cinah hücumçusu Usman Dembelenin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.


