PSJ-nin baş məşqçisi Luis Enrike Paris klubunun bəzi futbolçuları ilə münasibətlərinin gərgin olması haqda şayiələrə münasibətini açıqlayıb.
Arena.az ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Maraqlıdır… Bu, həm insani səviyyədə, həm də peşəkar səviyyədə möhtəşəm, hətta müstəsna paltardəyişmə otağıdır. Etməyəcəyim xüsus – yayılan gopa və şayiələrə cavab verməməkdir. Mən bu oyunda deyiləm. Burası əla bir paltardəyişmə otağıdır, daha deyə biləcəyim başqa heç nə yoxdur.
Xoşbəxtlikdən 30 ildən artıqdır ki, futboldayam. Vaxtımı yalanlara itirmirəm, hətta bu, içəridən gələn insanlar tərəfindən yayılsa belə. Mən ictimaiyyət qarşısında oyunçu haqqında pis heç nə deməyəcəyəm. Gərək olsa, bunu paltardəyişmə otağında edəcəyəm. Mən işimi bacardığım qədər görürəm və yalanlarla möhtəkirlik etmək fikrim yoxdur. Əslində bütün bu söz-söhbətlərdən ona görə xəbər tuturam ki, mətbuat xidmətimizin rəhbəri bu haqda mənə əvvəlcədən məlumat verir. Bütün bunlar isə mənim xoşuma gəlmir. Mən nəzarət edə biləcəklərimə və işimə diqqət yetirirəm”
Xatırladaq ki, Enrike PSJ-ni 2023-cü ilin iyulundan çalışdırır. İspan mütəxəssisin Fransa nəhəngi ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Enrike PSJ-ni ümumilikdə 71 oyuna çıxarıb. Parislilər 45 qələbə qazanıblar, 16 heç-heçə ediblər və 10 oyunda məğlubiyyətə üzülüblər, top fərqi isə 164:69 nisbətindədir.
Luis Enrike PSJ ilə 2023/2024-cü illər mövsümündə “qızıl üçlük” əldə edib – Fransa Liqa 1-in, Fransa Kubokunun və Fransa Super Kubokunun qalibi olub.
Fransa Liqa 1-in 13 turundan sonra 33 xal toplamış PSJ yarış cədvəlinin zirvəsində qərarlaşıb. Paris klubu ən yaxın izləyiciləri – Marsel “Olimpik”i və “Monako”nu (hər biri 26 xal) 7 xal qabaqlayır.
Buna rəğmən, Fransa nəhənginin Çempionlar Liqasında vəziyyəti ürəkaçan deyil. Mötəbər yarışın Liqa mərhələsinin ilk 5 turundan sonra 4 xal toplamış PSJ yarış cədvəlinin 25-ci pilləsində qərarlaşıb ki, bu mənzərə Paris klubunun yarışın növbəti, ələmə mərhələsindən kənarda qalmasını şərtləndirir. PSJ ələmə mərhələsinə birbaşa çıxacaq ilk səkkizliyə düşmək imkanını artıq itirib. Ələmə mərhələsinin başa-baş oyunlarına vəsiqə üçün isə PSJ-ni qarşıdakı 3 oyunda ciddi sınaq gözləyir.


