Luka Modriç – Avropa çempionatları tarixində ən qocaman qolçu

AÇ-2024-ün İtaliya yığması ilə 3-cü tur oyunu (1:1) Xorvatiya yığmasının mərkəz yarımmüdafiəçisi Luka Modriç üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Modriç bu oyunda komandasına qolla töhfəsini verib.

Beləliklə, Modriç Avropa çempionatları tarixində qol vurmuş ən yaşlı oyunçu olaraq adını tarixə yazıb.

Oyun günü Modriç 38 yaş 289 günlüyündə olub. Xatırladaq ki, rekordun əvvəlki sahibi Avstriya yığmasının keçmiş hücumçusu İvitsa Vastiç idi. Vastiç AÇ-2008-də 38 yaş 257 günlüyündə qol vurmuşdu.

Luka Modriç 2012-ci ildən “Real”da çıxış edir. Xorvat futbolçu 2012-ci ilin avqustunda 35 milyon avro müqabilində “Tottenhem”dən Madrid klubuna qoşulub. Xorvat yarımmüdafiəçinin İspaniya nəhəngi ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Amma veteran yarımmüdafiəçinin daha bir mövsüm “qaymaqlılar”ın düşərgəsində qalacağına dair ehtimallar yüksək qiymətləndirilir.

Veteran futbolçu geridə qalmış 2023/2024 mövsümündə “Real”ın heyətində bütün yarışlarda 46 oyun keçirib, 2 qol vurub, 8 məhsuldar ötürmə verib. Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası da göz oxşayır: 534 oyun, 39 qol, 86 məhsuldar ötürmə.

Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı 26 qənimətə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 4 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 5 İspaniya Super Kuboku daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir. 26 qənimətlə Modriç “Real” tarixində ispan mərkəz müdafiəçisi Naço Fernandeslə birliklə ən zəngin futbolçudur.

Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 178 oyuna çıxıb, 26 qol vurub, 29 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 38 yaşlı xorvat yarımmüdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.