Madrid “Real”ının xorvat yarımmüdafiəçisi Luka Modriç “Kral klubu”nu tərk edəcəyi barədə yayılmış xəbərləri təkzib edib.
Arena.az “OK Diario”ya istinadən xəbər verir ki, iddiada Modriçin klub rəhbərliyini özünün komandadan gedişi ilə əlaqədar xəbardar etdiyi bildirilirdi.
Modriçə Səudiyyə Ərəbistanından cəlbedici təklif gəlməsi haqda məlumat gündəmi zəbt etmişdi. Söhbət 120 milyon avro əməkhaqqı müqabilində üç illik müqavilədən gedirdi. Səudiyyə Ərəbistanından olan klubun adı çəkilməsə də, ərəblər 37 yaşlı xorvat yarımmüdafiəçidən ciddi təklif müqabilindən müsbət cavab gözlədiyi qeyd edilmişdi. Öz növbəsində, Luka Modriç “Real” rəhbərliyini məsələdən hali edərək gedəcəyi haqda xəbərdarlığını çatdırması da vurğulanırdı.
Ancaq gələn növbəti xəbərdə “Cadena Ser”in jurnalisti Antonio Romero Luka Modriçin “Real”dan getmək haqda məlumatı təkzib etdiyini bildirib. O, futbolçunun komandada qalmaq haqda dəfələrlə “Kral klub”unun rəhbərliyinə müraciət ünvanladığını yazıb.
Modriçin “Real”la qüvvədə olan müqaviləsi cari ilin iyun ayının sonunda başa çatacaq. Bir müddət əvvəl tərəflər arasında müqavilənin daha bir il müddətinə uzadılamsı haqda razılıq əldə edildiyi deyilirdi.
Cari mövsümdə Luka Modriç 51 oyunda madridlilərin heyətində meydana çıxıb, 6 qol vurub və eyni sayda qol ötürməsi verib.
“Transfermarkt” internet-portalı futbolçunu 10 milyon avro məbləğində qiymətləndirir.