Luka Modriç və Lukas Vaskes “el klasiko”dakı qələbədən danışdılar

“Real”ın futbolçuları – Lukas Vaskeslə Luka Modriç İspaniya La Liqasının 32-ci turunda “Barselona”ya qarşı keçirdikləri oyunu şərh ediblər.

Arena.az xəbər verir ki, “Real”ın 38 yaşlı xorvat yarımmüdafiəçisi komandasının “el klasiko”dakı 3:2 hesanlı qələbəsinə belə şərh verib:

“Bu qələbə bizi La Liqa çempionluğuna yaxınlaşdırır. Əla axşam, əla komanda səmərəsi idi. Biz heç vaxt təslim olmuruq. İki dəfə üstünlüyü itirdik, amma cəhd etməyə, təzyiq göstərməyə davam etdik və sonda təkrar-təkrar qalib gəldik. “Bernabeu”da bir çoxları kimi əla axşam idi”, deyə Modriç bildirib.

“Real”ın vingeri Lukas Vaskes isə bunları dilə gətirib:

“Azarkeşlərimizlə gözəl bir gecə oldu və biz buna layiq idik. Çempionluq yolunda böyük addım atdıq. Komanda Mançesterdə qalmış gücünə rəğmən, yenə də özünü ən yaxşı tərəfdən göstərdi. Yenə gözəl oyun keçirdik və bu qələbəni qazanmaq üçün əlimizdən gələni etdik ki, bu da bizə liqada üstünlük verir və bizi çempionluğa yaxınlaşdırır”, deyə Vaskes bildirib.

Qeyd edək ki, “Real” bu qələbə sayəsində xallarının sayını 81-ə çatdırıb və zirvədəki mövqeyini daha da möhkəmləndirib. “Barselona” isə 70 xalda qalıb.

Luka Modriç 2012-ci ilin avqust ayından formasını geyindiyi “Real”da indiyə qədər 526 oyuna çıxıb. Xorvatiya yığmasının da üzvü olan 38 yaşlı yarımmüdafiəçi bu oyunlrda 39 qola imza atıb, 84 məhsuldar ötürmə müəllifi olub.

Lukas Vaskes isə “Real”ın öz yetirməsidir. İspaniyadan olan 32 yaşlı sağ cinah müdafiəçisi paytaxt klubunun heyətində keçirdiyi 343 oyunda 35 qol vurub, 63 məhsuldar ötürmə ilə yadda qalıb.