“Lukakunun “Roma”ya keçidində əsas rolu Mourinyo oynadı”

“Roma”nın direktoru Tyaqo Pinto yay transfer pəncərəsində “canavarlar”a qoşulmuş Romelu Lukakunun transferindən danışıb.

Arena.az bu barədə jurnalist Fabrisio Romanoya istinadən məlumar verir:

“Lukakuya dair sövdə iyun və ya iyulda bizim üçün mümkünsüz idi. Bu, ağlasığmaz idi. Bunun baş verməsi üçün Mourinyo həlledici rol oynadı. Lukakunu inandırmaq üçün dörd-beş gün lazım oldu. Sonra sahibimiz Den Fridkin danışıqlara girdi və “Çelsi”ni Romelunu bir mövsümə bizə icarəyə verməyə inandırdı”.

Xatırladaq ki, Lukaku “Roma”da 1 illik icarə əsasında – 2023/2024 mövsümünün sonuna qədər çıxış edəcək. Belçikalı hücumçunun “zadəganlar”la müqaviləsi isə 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2022/2023 mövsümündə Romelu Lukaku icarə əsasında “İnter”də çıxış edib. O, “neradzurri”nin heyətində 37 oyun keçirib, 14 qol vurub, 7 məhsuldar ötürmə verib.

Lukaku hazırda kapitanı olduğu və 2010-cu ilin mart ayında debüt etdiyi Belçika yığmasının heyətində 108 oyun keçirib, 75 qol vurub, 15 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 30 yaşlı Romelu Lukakunu 40 milyon avro məbləğində qiymətləndirir.