Lukas Nmeça “Mançester Siti”ni “Volfsburq”a dəyişdi

İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Lukas Nmeça karyerasını Almaniyada davam etdirəcək. Arena.az xəbər verir ki, 22 yaşlı futbolçu “Volfsburq”a transfer olunub.

Bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb. Nmeça yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. O, Almaniya təmsilçisində “10” nömrəli formanı geyinəcək.

“Mançester Siti”nin yetirməsi olan Lukas Nmeça Almaniyanın U-21 yığması ilə bu il keçirilən Avropa çempionatının qalibi olub. Hücumçu son mövsümü icarə əsasında “Anderlext”də keçirib. O, əvvəllər “Midlsbro” və “Preston”da da icarədə oynayıb. Alman futbolçu 2019/20 mövsümündə isə “Volfsburq”da icarədə olub.

“Volfsburq” Nmeça ilə yanaşı, “Köln”ün müdafiəçisi Sebastyan Bornaunu da transfer edib. 22 yaşlı belçikalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. O, yeni komandasında “3” nömrəli formanı geyinəcək.

Sebastyan Bornau 2019-cu ildən “Köln”də çıxış edirdi. O, daha öncə “Anderlext”də də forma geyinib. Gənc futbolçu artıq Belçikanın əsas yığmasında da iki oyun keçirib.