Lukas Stassin 9 milyon avroya “Sent Etyen”də

Fransanın “Sent Etyen” klubu heyətini 3 yeni futbolçu – Pyer Kornud, Lukas StassinPyer Ekva ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Lukas Stassin Belçikanın “Vesterlo” klubundan 9 milyon avro müqabilində “Sent Etyen”ə keçib. 19 yaşlı belçikalı hücumçu ilə 4+1 illik müqavilə imzalanıb.

Stassin “Anderlext”in yetirməsidir. “Vesterlo” onu 2023-cü ilin yayında 1,5 milyon avro müqabilində heyətinə qatmışdı. Belçikalı forvard bu bir il ərzində sözügedən klubun əsas komandasında 32 oyuna çıxıb, 11 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Belçikanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Lukas Stassinə hələ əsas millidə debüt etmək qismət olmayıb.

Pyer Kornud İsrailin “Makkabi” (Hayfa) klubundan 1,1 milyon avroya “Sent Etyen”ə keçib. Fransadan olan 27 yaşlı sol cinah müdafiəçisi yeni klubu ilə 2+1 illik müqavilə bağlayıb.

Kornud karyerası ərzində “Monpelye”, “Dijon”, “Malyorka”, “Linense”, “Real Ovyedo”, “İbitsa”, “Sabadell” kimi klubların formasını geyinib. 2022-ci ildən “Makkabi”də çıxış edən müdafiəçi Hayfa klubunda 94 oyun keçirib, 1 qol və 15 məhsuldar ötürmə müəllifi olub.

Pyer Ekva isə “Sanderlend”dən “Sent Etyen”ə gəlib. Fransa klubu 22 yaşlı dayaq yarımmüdafiəçisini bu mövsümün sonunadək icarəyə götürüb.

“Nant”, “Çelsi”, “Vest Hem” kimi klubların futbol akademiyasından keçmiş Ekva, peşəkar karyerasına başladığı “Sanderlend”in əsas komandasında 61 oyun keçirib, 5 qol və 2 assistlə yadda qalıb.

“Sent Etyen” iki oyunçusu ilə də vidalaşıb. 27 yaşlı yarımmüdafiəçi Dilan Çambost “Kolumbus”a keçib. 24 yaşlı qapıçı Etyenn Qrin isə “Börnli”yə üz tutub. Bu transferlərin maddi detalları açıqlanmır.