Lüsyen Aqume “İnter”i birdəfəlik “Sevilya”ya dəyişdi

Ötən mövsümü “Sevilya”da icarədə keçirmiş Lüsyen Aqume Milan “İnter”indən birdəfəlik ayrılaraq İspaniya klubuna keçib.

Arena.az bu barədə La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

“Sevilya” bu keçidə görə “İnter”ə 4 milyon avro ödəyib. Əslən Kamerundan olan fransalı futbolçu İspaniya klubu ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb.

Lüsyen Aqume Fransanın “Soşo” klubunun yetirməsidir. O, 2019-cu ilin iyul ayında 4,5 milyon avroya transfer olduğu “İnter”də cəmi 4 oyuna çıxıb. Milan təmsilçisi dayaq yarımmüdafiəçisini daha öncə “Brest”, “Trua”, “Spetsiya” kimi klublara da icarəyə verib. Aqume ötən mövsüm “Sevilya”nın heyətində 13 oyuna çıxıb. Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış yarımmüdafiəçi əsas millidə debüt şansı qazanmayıb.

Aqumeni heyətinə qatan “Sevilya” sol cinah müdafiəçisi Lüdviq Auqustinssonla da yollarını ayırıb. İsveç millisinin də üzvü olan 30 yaşlı futbolçu azad agent kimi Belçika nəhəngi “Anderlext”ə keçib. O, bu klubla 3 illik müqavilə bağlayıb.

Lüdviq Auqustinsson “Sevilya”ya 2021-ci ilin avqustunda 5,5 milyon avro müqabilində keçmişdi. O, La Liqa təmsilçisinin heyətində cəmi 27 oyuna çıxıb və 1 assistlə yadda qalıb. “Sevilya” müdafiəçini əvvəlki mövsümlərdə “Aston Villa” və “Malyorka”ya icarəyə vermişdi. Ötən mövsümü isə müdafiəçi məhz “Anderlext”də icarədə keçirmişdi. O, “Brommapoykarna”, “Göteborq”, “Kopenhagen” və “Verder” kimi klublarda da forma geyinib.

Auqustinsson İsveçin U-17, U-19 və U-21 yığmalarında forma geyinib. 2015-ci ilin yanvarında əsas millidə debüt etmiş futbolçu, 55 oyuna 2 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

Aqumeni satmış “İnter” də belçikalı mərkəz müdafiəçisi Zinho Vanheusdeni “Mexelen”ə icarəyə verib. Belçika klubu 25 yaşlı futbolçunu qarşıdakı mövsümün sonuna kimi satınalma şərti ilə heyətinə qatıb.

Zinho Vanheusden Lyej “Standard”ının yetirməsi olsa da, 2015-ci ildən “İnter”in sıralarındadır. İtaliya klubunun əsas komandasında bir oyun da keçirməmiş futbolçu daha öncə “Standard”a, “Cenoa”ya, “Alkmar”a da icarəyə verilib.

Belçikanın müxtəlif yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Vanheusden, əsas millidə də 1 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: