İngiltərənin “Luton Taun” komandası 2023/2024 mövsümündən etibarən Premyer Liqada mübarizə aparmaq hüququ qazanıb.
Arena.az xəbər verir ki, sözügedən komanda bu mövsüm İngiltərə Çempionşipində mövsümün əsas hissəsini 3-cü pillədə başa vurmuşdu.
Bu üzdən də lutonlular elitaya vəsiqə uğrunda pley-off oyunlarında iştirak hüququ qazanmışdılar. Yarımfinalda mövsümü 6-cı sırada bitirən “Sanderlend”lə qarşılaşan bu komanda səfərdə 1:2 uduzsa da, evdə 2:0 hesablı qələbə sayəsində finala yüksəlib. “Uembli” stadionunda baş tutan finalda isə mövsümü 5-ci yerdə vurmuş “Koventri” üzərindəki çətin qələbə Luton təmsilçisini elitaya daşıyıb. Əsas vaxtı 1:1 hesabıyla bitən matçın qalibi penaltilər seriyasında müəyyənləşib. Lutonlular 6:5 hesabıyla qalib gələrəl tarixi uğura imza atıblar. “Koventri” isə 22 il sonra Premyer Liqaya yüksəlmək şansını qaçırıb.
Xatırladaq ki, daha öncə Çempionşipdə çempion olan “Bernli” və ikinci yeri tutan “Şeffild Yunayted” elitaya yüksəlməyi bacarmışdı. Sonuncu – 3-cü vəsiqəyə isə lutonlular sahib olublar.
Luton təmsilçisi bu uğuru sayəsində bir sıra ilklərə imza atıb. Belə ki, sözügedən kollektiv İngiltərədə həvəskar liqadan Premyer Liqaya qədər irəliləməyi bacaran ilk klubdur. İndi klub elitada oynamaq üçün təxminən 10 milyon funt-sterlinq xərcləməlidir. Məsələ burasındadır ki, komandanın ev oyunlarını keçirdiyi stadonunun tutumu cəmi 10 min 356 nəfərlikdir.
120 illik tarixi olan “Keniluort Road” stadionu İngiltərənin ən köhnə arenalarından hesab olunur. Amma Premyer Liqa standartlarına cavab vermək üçün bu arenada təcili yenidənqurma işləri aparılmalıdır. Yəqin ki, bu, Çempionşipin 200 milyon funt-sterlinqlik pley-off finalından qalib ayrılan Luton təmsilçisi üçün problemli olmayacaq. Komandanın növbəti mövsümdə nəhənglərlə necə mübarizə aparacağını isə zaman göstərəcək.



